Gəncədə genişmiqyaslı abadlıq işləri | Agentlik sədrindən açıqlama
Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq çərçivəsində şəhərin infrastrukturunun yenilənməsi, abadlıq işlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən şəhər ərazisində monitorinqlər aparılıb.
Belə ki, 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı və nömrələnməsi işlərinə başlanılıb.
Əsas məqsəd şəhər mühitində yaşıllıqların sağlamlaşdırılması və əhalinin sağlam yaşayış mühitinin təmin edilməsidir. Eyni zamanda şəhərin estetik görünüşünün qorunması, bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri bu baxımdan vacib əhəmiyyət daşıyır.
Qeyd edək ki, inventarlaşdırılmış ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatları www.agac.az səhifəsindən də izləmək mümkün olacaq.
