Minimum aylıq əməkhaqqı artırıldı | Sosial paket kimlərə şamil olunacaq?
2025-ci ildə Azərbaycanda 3 milyon şəxsi əhatə edəcək sosial paket icra olunacaq.
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncama əsasən, yanvarın 1-dən ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manat təşkil edir.
Bu o deməkdir ki, artıq ölkədə həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Buna müvafiq olaraq Vahid Tarif Cədvəli üzrə maaşlar 16 faizə qədər artırılıb. Əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilər sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan şəxslərdir.
Həmçinin dövlət orqanlarında işləyən, dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşları yeni artımlarla təsdiqlənib.
Bundan başqa, əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılması nəzərdə tutulub. Yəni pensiyaların məbləği bu məbləğdən aşağı olmayacaq. 2025-ci ildə eyni zamanda növbəti dəfə bütün əmək pensiyalarının indeksləşdirilərək artırılması həyata keçiriləcək. 2025-ci ildə həmçinin müavinətlərin və təqaüdlərin artırılması da nəzərdə tutulub.
Ölkə başçısının digər sərəncamı ilə yanvarın 1-dən ehtiyac meyarı 270 manatdan 285 manata yüksəldilib. Ehtiyac meyarı ünvanlı sosial yardımın təyin edilməsində tətbiq olunur. Bu baxımdan ehtiyac meyarının həddinin artırılması sosial yardımların məbləğinin və ondan yararlananların sayının çoxalmasına səbəb olacaq.