Pakistanlı bəy 19 yaşlı azərbaycanlı qızın ürəyini necə fəth etdi? - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışında pakistanlı Daniyal Ahmedlə ailə quran azərbaycanlı Arzu Ahmed evlilikləri, tanışlıq hekayələri və birgə həyatlarında qarşılaşdıqları çətinliklərdən danışıb.
Arzu bildirib ki, yoldaşı ilə marketdə işləyərkən tanış olub. Əvvəlcə evlənmək niyyəti olmasa da, Daniyalın diqqəti və qayğıkeşliyi onun fikrini dəyişib. Ailəsinin ilk vaxtlar bu münasibətə qarşı çıxmasına baxmayaraq, dayısının dəstəyi ilə razılıq alınıb və cütlük qısa müddətdə ailə qurub.
Münasibətlərindən bəhs edən Arzu yoldaşında azərbaycanlı kişilərə xas qısqanclıq, zəhmətkeşlik kimi xüsusiyyətlərin olduğunu qeyd edib.
Qayınatasının gözlənilməz vəfatından sonra həyatlarında çətin bir mərhələnin başladığını deyən Arzu hazırda hər şeyə sıfırdan başladıqlarını vurğulayıb:
“Qayınatam rəhmətə getdi, indi sıfırdan başlayırıq. Mən Daniyala dayaq oluram, o da mənə dəstək olur. Çox vaxt elə bilirlər ki, pakistanlı ilə pula görə evlənmişəm. Amma bu, doğru deyil. Düşünmüşəm ki, hər şeyi birlikdə əldə edək”.
