"Müraciət etdik, pul istədilər" | Albalılıq sakinləri ölümlə burun-buruna - Baku TV
Xəzər rayonunun “Albalılıq” yaşayış massivinin sakinləri evlərinin yaxınlığında yerləşən transformatorun təhlükə yaratdığını bildirirlər.
Onların sözlərinə görə, güclü külək və yağış zamanı qısaqapanmalar baş verir, partlayışabənzər səslər eşidilir.
Sakinlərin əsas narahatlığı transformatorun yaşayış evləri ilə yanaşı, qaz xəttinin də yaxınlığında yerləşməsidir. Onlar ehtimal olunan nasazlığın yanğına və daha ağır hadisəyə səbəb ola biləcəyindən ehtiyat edirlər.
“Son illərdə güclü yağış və külək zamanı bir neçə dəfə kiçik partlayışabənzər səs eşidilib. Səhər gəlib nasazlığı aradan qaldırıblar və problemin təkrarlanmayacağını deyiblər. Amma transformator evimin yaxınlığındadır. Qorxuram ki, mən evdə olanda, yaxud olmayanda yanğın və ya partlayış baş verə bilər”, – deyə sakinlərdən biri bildirib.
Vətəndaşlar transformatorun yerinin dəyişdirilməsi üçün aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. Onların iddiasına görə, bunun üçün 20 min manat tələb olunub.
