"Quran haqqı, qonşudan borc almışam" | Sakinlər özündən çıxdı | "Evdə çimə də bilmirik" - Baku TV
Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən Süleyman Sani Axundov küçəsinin sakinləri aylardır davam edən içməli su problemi ilə üzləşdiklərini bildirirlər.
Baku TV-nin qaynar xəttinə daxil olan müraciət əsasında əraziyə yollanan çəkiliş qrupu sakinlərin ciddi çətinliklərlə qarşılaşdığını qeydə alıb.
Sakinlərin sözlərinə görə, küçədə yaşayan 100-ə yaxın ailənin evinə təxminən 5-6 aydır su verilmir. Onlar bildirirlər ki, içməli suya olan tələbatı yalnız ödənişli su maşınları vasitəsilə qarşılaya bilirlər ki, bu da ailə büdcəsinə ciddi yük yaradır.
Sakinlərdən biri vəziyyəti belə təsvir edib:
"Bir ildən çoxdur suyumuz gəlmir. Suyu maşınla alırıq. Bir ton suya 25 manat ödəyirik, amma o da üç günə qurtarır. Dəfələrlə müraciət etmişik, istəyimiz odur ki, gəlib sayğac quraşdırsınlar, bizə abonent kodu versinlər".
Digər sakin isə maddi imkanlarının su almağa belə çatmadığını bildirib: "Qonşudan 20 manat borc alıb su gətirmişəm. Artıq hər yerə borcum var".
