“ABŞ əvvəlcə dəqiqləşdirməlidir ki...” | Ekspertlər Qəzza ilə bağlı məsələni şərh etdi - Baku TV
ABŞ Qəzza zolağına sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün 70-dən çox ölkəyə sorğu göndərib.
Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, 19 ölkə qoşun göndərmək və digər formada dəstək göstərməkdə maraqlı olduğunu bildirib. Lakin məlumat indiki vəziyyətdə öz təsdiqini tapmayıb.
Hazırda əsas məlum olan nüans bundan ibarətdir ki, hələlik heç bir ölkə Qəzza zolağına qoşun yerləşdirməkdə maraqlı deyil.
Analitiklər bunun təsadüfi olmadığını hesab edir. Ekspertlərin fikrincə, yaxın perespektivdə sülhməramlı qüvvələrin formalaşacağı və Qəzzaya göndəriləcəyi hələ ki real görünmür.
“Hesab edirəm ki, ABŞ əvvəlcə HƏMAS və İsraillə bağlı məsələləri tam şəkildə aydınlaşdırmalıdır. Bu problemlər həllini tapdıqdan sonra tərəflər üzərlərinə düşən öhdəliklər qəbul etməli, silahlar yerə qoyulmalı, İsrail isə bölgədə proseslərin diplomatik və siyasi yollarla həllinə razılıq verməlidir. Yalnız bu mərhələdən sonra növbəti dövr üçün ölkələr sülh missiyası çərçivəsində öz silahlı qüvvələrini bölgəyə göndərə bilərlər”, – deyə politoloq Oqtay Qasımov bildirib.
Qeyd edək ki, sabitləşdirmə qüvvələrinin tərkibi və missiyası Qətərdə 25-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşdə müzakirə olunacaq.
