ABŞ-İran münaqişəsi daha şiddətli mərhələyə keçir? - “Daha böyük qələbə üçün...” - Baku TV
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi zərbələrin yenidən başlanmasının zəruri olub-olmadığına əmin deyil.
Ağ Ev rəhbəri bu barədə “Newsmax” telekanlına müsahibəsində danışıb.
“Bilmirəm buna ehtiyac varmı. Ola bilsin ki, lazım olacaq”, – deyə o bildirib. Onun sözlərinə görə, İran razılaşma əldə etmək istəyir.
Tramp həmçinin bildirib ki, ABŞ artıq İran üzərində qələbə qazanıb, lakin o bunu daha inandırıcı göstərmək istəyir. “Biz artıq qalib gəlmişik, amma mən daha böyük qələbə istəyirəm”, – deyə o qeyd edib.
Amerika liderinin sözlərinə görə, ABŞ-nin Silahlı Qüvvələri İranın donanma və Hərbi Hava Qüvvələrini, radiolakasiya avadanlıqlarını və rəhbərliyini məhv edib.
Tramp yenidən Şimali Atlantika Alyansını İslam Respublikasına qarşı hərbi əməliyyatda Vaşinqtona kömək etmək istəməməkdə günahlandırıb. “Biz NATO-dan qətiyyən heç bir yardım almadıq. Digər ölkələr bunu etməli idilər”, – deyə o bildirib.
Tramp eyni zamanda Almaniya Kansleri Fridrix Mertsin İranla bağlı müzakirədə arqument tapa bilmədiyini iddia edib.
O əlavə edib ki, ABŞ, Avropa və Yaxın Şərq ölkələri İranın nüvə silahı əldə etməsinə imkan verməməlidir və bu əməliyyatın daha əvvəl həyata keçirilməli olduğunu düşünür.
