Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?
“Rusiya 2026-cı il üçün dəniz dronlarının genişmiqyaslı istifadəsini nəzərdə tutan böyük kampaniya planlaşdırmışdı. Lakin ilin əvvəlində “SpeysX” Kiyevin xahişi ilə ruslar üçün “Starlink” peyk rabitəsini blokladıqdan sonra onların bu niyyəti baş tutmadı”.
Bunu Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan dəniz dronlarının effektivliyini gördükdən dərhal sonra onları kopyalamağa çalışıb. Amma onların bu cəhdi istənilən səviyyədə olmayıb.
“Texniki məhdudiyyətlər səbəbindən bu variantların bir qismi ümumiyyətlə işləməyib, digərləri isə həddindən artıq etibarsız və əlverişsiz olub. Nəticədə məlum olub ki, Ukrayna sahilləri yaxınlığında dəniz dronları üçün yeganə effektiv rabitə kanalı “Starlink” terminallarıdır. Lakin indi rusların bu texnologiyaya çıxışı yoxdur”, – deyə nazirin müşaviri əlavə edib.
