Qətər nəzarət mexanizminin yaradılmasına kömək edəcək
Qətər İranın dondurulmuş aktivlərinin istifadəsinə nəzarət mexanizminin yaradılmasına dəstək verəcək.
Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsveçrənin Bürgenştok şəhərində İran nümayəndə heyəti ilə keçirilən danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib.
Vens Tehranın dondurulmuş aktivlərindən ABŞ kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunmasının mümkünlüyü ilə bağlı suala cavab verərkən bu məsələyə toxunub.
"Bu məsələ müzakirə olundu. Biz qətərlilərdən vəsaitlərin nəzərdə tutduğumuz istiqamətlər üzrə xərclənəcəyinə zəmanət verəcək mexanizmin yaradılmasına kömək etmələrini xahiş etdik. Onlar da buna razılıq verdilər", – deyə Vens bildirib.
O vurğulayıb ki, bu vəsaitlərin həm amerikalı fermerlərə, həm də İran xalqına fayda verməsi nəzərdə tutulsa da, əlavə irəliləyiş əldə olunmadan həmin pulların dondurulmuş statusdan çıxarılması mümkün olmayacaq.
"Bu məsələ, şübhəsiz ki, qarşıdakı günlərdə aparılacaq danışıqların əsas mövzularından biri olacaq", – deyə o əlavə edib.
Bu arada, İranın dondurulmuş aktivlərinin bir hissəsi ABŞ-dən ərzaq məhsullarının alınmasına yönəldiləcək. Bu barədə Ağ Ev rəhbəri Donald Tramp açıqlama verib.
"Dondurulmuş vəsaitlər ərzaq məhsullarının alınmasına sərf olunacaq. Həmin məhsullar isə yalnız Birləşmiş Ştatlardan, bizim fermerlərdən satın alınacaq", – deyə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Tehran və Vaşinqton arasında aparılan danışıqların gedişini şərh edərkən bildirib.
ABŞ lideri, xüsusilə, qarğıdalı və soya məhsullarının alınacağını vurğulayıb.
