Rusiya Zelenskinin Moskvaya dəvətini "xoşməramlı jest" adlandırıb - Baku TV
Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya dəvət olunması Rusiya tərəfindən xoşməramlı jestdir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vesti”yə müsahibəsində Zelenskinin ABŞ-də keçiriləcək G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istəyini şərh edərkən bildirib.
“Məncə, dövlət başçısının mətbuat katibi Dmitri Peskov artıq bununla bağlı mövqeyini bildirib. Bu şəxsə dəvət göndərilib. Əgər görüşmək istəyirsə, qoy gəlsin. Bu, artıq bizim tərəfimizdən böyük xoşməramlı jestdir. Çünki Volodimir Zelenski Vladimir Putinlə təmasları qadağan edən fərmanını hələ də ləğv etməyib”, – deyə Lavrov söyləyib.
Rusiya xarici işlər naziri həmçinin Moskvanın Kiyevlə danışıqlara hazır olduğunu, lakin danışıqlar müddətində hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını bildirib.
