Ruslar Əsma Əsədi sağaltdı
Uzun illər leykemiyadan əziyyət çəkən və bir il əvvəl vəziyyəti ağırlaşan Əsma Əsəd (Suriyanın sabiq prezidenti Bəşər Əsədin həyat yoldaşı) Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında eksperimental terapiya keçdikdən sonra sağalıb.
Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
“İndi arvadının səhhəti stabilləşəndən sonra Bəşər Əsəd hadisələrlə bağlı öz versiyasını təqdim etməyə həvəslidir. O, RT və məşhur sağçı Amerika “podkaster”inə müsahibələr planlaşdırıb, lakin mediada çıxış etmək üçün Rusiya hakimiyyətindən icazə gözləyir”, – məlumatda bildirilib.
Qəzet qeyd edir ki, Moskva Əsədin ictimaiyyət arasına çıxmasını qadağan edib. Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev noyabr ayında İraq mediasına Əsədin Moskvadakı həyatı ilə bağlı nadir müsahibəsində devrilmiş prezidentin hər hansı ictimai fəaliyyətdə iştirakının qadağan olunduğunu təsdiqləyib.
