Tramp Tailand və Kambocanı atəşi dayandırmağa razı saldı
ABŞ Prezidenti Donald Tramp Tailand və Kambocanın baş nazirləri ilə yaxşı söhbət etdiyini və bunun ardınca hər iki tərəfin bütün düşmənçilikləri dayandırmaq barədə razılığa gəldiyini bildirib.
Bununla bağlı ABŞ liderinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım olunub.
“Tailandın və Kambocanın Baş nazirləri ilə uzun müddət davam edən müharibənin yenidən başlaması ilə bağlı söhbətim olub. Onlar atəşkəsi bərpa etməyə, Malayziyanın Baş nazirinin vasitəçiliyi ilə və mənim iştirakımla əldə olunan ilkin sülh razılaşmalarına qayıtmağa razılaşıblar”, – deyə Tramp yazıb.
O qeyd edib ki, daha əvvəl Tailand hərbçilərinin öldüyü partlayış təsadüfi olub, Tailand isə buna çox sərt cavab verib. Trampın fikrincə, hər iki tərəf sülh və ABŞ ilə gələcək ticarətə hazırdır. Bununla yanaşı, ABŞ-nin hər iki ölkənin hökuməti ilə təmasları davam etdirəcəyi bildirilib.
“Məqsəd hərbi toqquşmaların qarşısını almaqdır. Əks halda döyüşlər müharibəyə çevrilə bilərdi”, – deyə Donald Tramp əlavə edib.
Тег #Donald Tramp используется
