Zelenskinin yaxın çevrəsi ilə əlaqələndirilən biznesmenlə bağlı yeni xəbər
Volodimir Zelenskinin yaxın çevrəsinə daxil olan iş adamı Timur Mindiç ona qarşı irəli sürülən korrupsiya ittihamlarını “manipulyasiya” kimi dəyərləndirib və Ukraynaya qayıtmaq niyyətində olmadığını açıqlayıb.
Mindiç bu barədə “Ukrainskaya Pravda”nın jurnalisti Mixail Tkaçla söhbətində bildirib.
Jurnalist onu İsraildə tapıb. Qeyd olunur ki, Timur Mindiç Ukraynadan məhz hüquq-mühafizə orqanlarının onun evində axtarış aparmasından bir neçə saat əvvəl çıxıb.
“Ümumiləşdirsək, cənab Mindiç Ukraynaya qayıtmağa hazır deyil və İsraildə qalacaq”, – deyə Tkaç bildirib.
Onun sözlərinə görə, biznesmen irəli sürülən ittihamları ciddi qəbul etmirmiş kimi davranır və onları, sadəcə, “manipulyasiya” adlandırır.
“Ukrainskaya Pravda” Mindiçlə müsahibənin bu həftə ərzində dərc ediləcəyini vəd edib.
Xatırladaq ki, Timur Mindiç Prezident Zelenskinin keçmiş biznes-partnyoru və yaxın dostu kimi tanınır. 2025-ci ilin payızında Ukraynanın antikorrupsiya orqanları Mindiçi dövlətə məxsus “Enerqoatom” şirkətində milyardlarla vəsaitin mənimsənildiyi genişmiqyaslı korrupsiya sxeminin əsas fiquru kimi təqdim etmişdi. Bu qalmaqal bir sıra yüksəkvəzifəli məmurların saxlanılması və istefası ilə nəticələnmiş, hətta Prezident Ofisinin rəhbəri Andrey Yermakın vəzifədən uzaqlaşdırılmasına qədər gedib çıxmışdı.
