14 saylı məktəbdə dəhşətli hadisə | 10-a yaxın şagird nədən zəhərləndi? - Baku TV
Bakı şəhəri, 14 nömrəli tam orta məktəbin 8 şagirdi zəhərlənib.
Təhsil müəssisəsindən bildirilib ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib.
Qeyd olunub ki, şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib. Məktəb rəhbərliyi dərhal təcili tibbi yardıma müraciət edib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırıblar. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.
İlkin ehtimala görə, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. İddia olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları müvafiq araşdırmalara başlayıb.
Mövzu ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, səhər saat 9 radələrində Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Klinik Xəstəxanasına kişi cinsli 5 nəfər, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına isə 3 nəfər hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Məktəblilərin zəhərlənməsi ilə bağlı məsələ Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.
