Reabilitasiya Mərkəzinin rəhbərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb - Baku TV
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etməkdə təqsirləndirilən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı – Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Emil Murquzov ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəməyə təqsirləndirilən şəxslər – Ceyhun Salmanov və Elşad Məhərrəmovun 4 il, Natiq Əliyevin isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Ceyhun Salmanov 3 il 3 ay, Elşad Məhərrəmov 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər üç təqsirləndirilənə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
