Azərbaycan və Polşa XİN rəhbərləri arasında vacib zəng
Polşanın xarici işlər naziri Radoslav Şikorski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Polşa xarici işlər naziri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.
Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib.
Daha sonra növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının gələcək perspektivləri ətraflı müzakirə olunub.
Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.