Melik-Şahnazaryan ABŞ və Ermənistan arasında imzalanan sənəddən danışdı | Sensasiyalı açıqlama
“Ermənistanla ABŞ arasında xartiyanın imzalanmasında aşkar tələskənlik başa düşüləndir. Vaşinqton bu sənədlə yanvarın 17-də Moskvada hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdıran Rusiya və İran prezidentlərinə salamlarını göndərir. Erməni-Amerika sənədini diqqətli oxuyan adam görər ki, orada İran və Rusiya üçün narahatedici çoxlu müddəa var.
İmzalanan xartiya mahiyyət etibarilə Ermənistanı ABŞ-nin regionda nəzarət proqramlarının həyata keçirilməsi alətinə çevirir ki, bu da hər an həm Moskvaya, həm də Tehrana qarşı istifadə oluna bilər. Bu isə ən azı əks getmək deməkdir”.
Bunu erməni analitik Hrant Melik-Şahnazaryan deyib.
“Təəssüf ki, Ermənistan geosiyasi mərkəzlər arasında maraqların toqquşması meydanı olmaqda davam edir və bu bizim üçün çoxsaylı təhlükələr yaradır. Ermənistan hakimiyyəti Rusiya və İranla münasibətləri ardıcıl olaraq gərginləşdirir.
Bu artıq əməkdaşlıqdan imtina kimi deyil, açıq-aşkar qarşıdurma kimi görünür. Belə bir qarşıdurmadan Ermənistan nə qazana bilər? Təbii ki, yalnız yeni itkilər. Ölkəmizin Azərbaycan, Türkiyə, İran və Rusiya ilə eyni vaxtda münaqişələrə tab gətirə biləcəyinə hansı təminatlar var? Belə zəmanətlər yoxdur.
Bəs Nikol Paşinyan hakimiyyətinin əsl məqsədi nədir? Ötən gecə N.Paşinyanla Ararat Mirzoyan daha bir addım ataraq müharibəni ölkəmizin sərhədlərinə yaxınlaşdırdı. Qorxuram ki, bu artıq qaçılmazdır.
Əminəm ki, azərbaycanlı diplomatlar əllərində Ermənistanla ABŞ arasında imzalanmış xartiyanın mətni ilə səhər saat altıdan Rusiya və İran Xarici İşlər Nazirliklərinin qapısında dayanıb.
Bir neçə gün əvvəl İlham Əliyev əmin etdi ki, Zəngəzur üçün mümkün müharibə Moskva və Tehrana qarşı yönəlməyəcək. Bu gündən etibarən o bu müharibənin onların maraqları naminə aparıldığını bəyan edə biləcək və müəyyən mənada bu, doğru olacaq.
Əminəm ki, dünən N.Paşinyan və A.Mirzoyan bunu İ.Əliyevin göstərişi ilə etdilər. Nəticədə ABŞ də, Azərbaycan da öz problemlərini həll edir və bütün bunlar yenə də Ermənistanın hesabına”, – o bildirib.