Prezident İlham Əliyev bununla bağlı paylaşım etdi
Ağdamın erməni işğalından azad olunmasından 5 il ötür.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki Azərbaycan Ordusu bu istiqamətdən hücuma keçsəydi, xeyli sayda itki verə bilərdi.
Azərbaycan Ordusu ozamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Ordumuzun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub.
2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.
Qeyd edək ki, Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının 5-ci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda “Zəfər Tariximiz: 20 Noyabr 2020-ci il Ağdam” sözləri qeyd olunub.
