Zakir Həsənov Selçuk Bayraktaroğlu ilə görüşdü
Mayın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Z.Həsənov Türkiyə nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan və Türkiyə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrindən danışıb.
Ordu generalı S.Bayraktaroğlu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Hər iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişafı istiqamətində bu cür görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Görüşdə həmçinin hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra Türkiyə nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşlər zamanı qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluq ifadə edilib.