1879-cu ilin mənbəsində Ağkəndlə bağlı hansı məlumatlar yer alır? - Baku TV
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Ağkənd (indiki Ağncadzor) kəndinin tarixi haqqında araşdırma dərc olunub.
Qeyd olunub ki, 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. 1879-cu il "Qafqaz haqqında məlumat toplusu"nda qeyd olunur ki, kənddə iki karvansara və mənbədə göstərildiyi kimi, "Sülema adlı biri" tərəfindən tikilmiş qədim qalanın dağıntıları olub.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə tədqiqatçılar tərəfindən XIV əsrə – Hülakülər sülaləsinin hakimiyyəti dövrünə aid edilmiş karvansara aşkar edilib. Hazırda sözügedən abidə erməni mədəni irsinin bir hissəsi kimi təqdim olunur.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
