Azərbaycan Pakistanda baş verən terror aktını qətiyyətlə pislədi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Bu barədə nazirliyin “X” sosial hesabında paylaşım edilib.
“Biz Pakistanın Kvetta şəhərində sərnişin qatarını hədəf alan iyrənc terror hücumunu qətiyyətlə pisləyirik. Günahsız insanların faciəvi şəkildə həyatını itirməsi və çox sayda insanın yaralanması dərin təəssüf doğurur. Qurbanların ailələrinə səmimi başsağlığı verir, bu çətin məqamda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Bu cür terror aktlarına heç bir halda haqq qazandırıla bilməz və onlar bütün forma və təzahürlərində qəti şəkildə rədd edilməlidir”, – deyə Xarici İşlər Nazirliyinin paylaşımında vurğulanıb.
Qeyd edək ki, Pakistanın Kvetta şəhərində qatarın partladılması nəticəsində 24 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Partlayış zamanı yaxınlıqdakı nəqliyyat vasitələrinə də zərər dəyib. Hadisə yerinə polislər və xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
