Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda məscid dağıntıları və iki azərbaycanlı qəbiristanlığının qaldığı Saral (indiki Nor Xaçakap) azərbaycanlı kəndinin tarixi.
Adları:
çar dövründə – Saral
sovet dövründə – Saral, Saralli
Kənd ən azı 160 il ərzində Saral adını daşıyıb. 1991-ci ilin avqustunda Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Nor Xaçakap qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.
Kənd haqqında qeydə XVIII əsr Osmanlı mənbəyində rast gəlinir.
XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. 1801-ci ildə I Aleksandr “Gürcü xalqına” manifesti ilə, nəhayət, Kartli-Kaxetiya çarlığının ilhaqını təsdiqləyib: gürcü monarxiyası ləğv edilib, Şərqi Gürcüstan isə Rusiya imperiyasının tərkibinə daxil edilib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1908-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
