Azərbaycan və Qazaxıstan prezidentləri arasında ikitərəfli görüş keçirilib - Baku TV
Prezident İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
Söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib.
Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edilib.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyi vurğulanıb, bu tədbirin Asiya regionu ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı bildirilib.
Azərbaycanın və Qazaxıstanın dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Sonra prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını ediblər. Dövlət başçılarına layihə barədə məlumat verilib.
Bildirilib ki, “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq.
Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək. Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Eyni zamanda ölkələrimiz yalnız istehlakçı deyil, həm də strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçülərinə çevrilir.
Yeni xətt investisiyaların cəlb edilməsi, süni intellekt üçün məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və hesablama gücünün inkişafına əlavə şərait yaradır. Bu, böyük əlavə dəyərə malik yeni yüksəktexnologiyalı sahələrin və xidmətlərin inkişafı üçün perspektivlər açır.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib - Baku TV
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Müharibədən sonra Azərbaycanın Ermənistana sülh təklifinin əsas məqamları - Baku TV
- Azərbaycanın 35 illik müstəqillik tarixində üzləşdiyi ikili standartlar - Baku TV
- Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
