Azərbaycanın Rus İcması geniş bəyanat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda Dağlıq Qarabağ adlı heç bir ərazi vahidi yoxdur”. Bu barədə Azərbaycanın Rus İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan hökuməti Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarla dinc dialoqun qurulması yönündə bütün səylərini cəmləşdirdiyi bir zamanda bir qrup separatçı əsassız bəyanatlar vermək və dünya ictimaiyyətinə yanlış məlumatlar yaymaqla buna mane olur.
Növbəti dəfə psevdo “Dağlıq Qarabağ rus icması”nın siyasi kartının oynanılmasına cəhd edilib ki, bu zaman “icma” Azərbaycan Konstitusiyasının əsas normalarına tamamilə zidd olan bəyanatla çıxış edib.
“Ondan başlamaq lazımdır ki, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Prezidenti İlham Əliyevin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.
Qarabağın erməni əsilli sakinləri Azərbaycan vətəndaşlarıdır və ölkəmizin rəsmi qanunlarına uyğun yaşamalıdırlar. Azərbaycanda bir rus icması fəaliyyət göstərir ki, 1993-cü ildə qeydiyyata alınıb və 120 min nəfərdən çox insanı əhatə edir. Təşkilatımızı bütün beynəlxalq strukturlar tanıyıb və 30 ildir aktiv fəaliyyət göstəririk. Əgər Qarabağ erməniləri arasında Azərbaycanın Rus İcmasına daxil olmaq istəyən etnik ruslar varsa, bizə müraciət etməlidirlər. Biz onlara təşkilata qoşulmaq üçün bütün lazımi məlumatları təqdim etməyə hazırıq”, – deyə bəyanatda qeyd olunub.
Bəyanatda o da vurğulanıb ki, qondarma “Dağlıq Qarabağın rus icması” Qarabağdan öz atalarının tarixi torpağı kimi bəhs edir. Qarabağ həmişə Azərbaycanın bir parçası olub və hazırda da bir parçasıdır. Ölkəmizin ərazi bütövlüyü bütün ölkələr və dövlətlər, o cümlədən Rusiya və hətta Ermənistanın özü tərəfindən tanınıb.
“Psevdo “Qarabağın rus icması” öz əcdadlarının ağır taleyindən danışarkən unudur ki, Ermənistanın Azərbaycana təcavüzü başlamazdan əvvəl bütün bu etnik qrupların nümayəndələri sülh və mehribanlıq içində bir yerdə yaşayırdılar. Ermənistanın işğalçılıq siyasəti zamanı azərbaycanlılar, o cümlədən milli azlıqların nümayəndələri öz doğma torpaqlarından zorla qovulublar.
Azərbaycanın Rus İcması bu cür bəyanatları regionda sabitliyi pozmaq, dünya ictimaiyyətinə yanlış məlumat vermək və Qarabağ ermənilərinin multietnik, multikultural Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini ləngitmək cəhdi hesab edir”, – deyə bəyanatda qeyd edilib.
