Baş Prokurorluqdan Xaçatryanla bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri – Xaçatryan Vaqif Çerkezoviçin cinayət işinin ibtidai istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bunu “Azərtac”a açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistandan gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı törədilib. Törədilmiş cinayətlər nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Respublikanın digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Vaqif Xaçatryan barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib. 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
2023-cü il iyulun 29-da Vaqif Xaçatryan səhhəti ilə bağlı Ermənistan ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib. Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin cinayət işinin məhkəmə istintaqı hakim Camal Ramazanovun sədrliyi ilə keçiriləcək.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
