Ərazi bütövlüyünün parçalanmasına yönələn atributları hazırlayanlar həbs olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, yaxud bu məqsədlə hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Bu məsələ Cinayət Məcəlləsinə edilən dəyişiklik layihəsində əksini tapıb.
Parlamentin plenar iclasında müzakirəyə çıxarılan layihəyə görə, bu əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 5 ildən 8 ilədək, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə həyata keçirildikdə isə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Bundan əlavə, Cinayət Məcəlləsinə edilən digər dəyişikliyə görə isə hərbi silah və texnikanın hərəkəti barədə məlumat yayanları 8 ilədək həbs cəzası gözləyir. Qanun layihəsinə əsasən, Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə həmin şəxsləri 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklə isə Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
#Cinayət Məcəlləsi teqi istifadə olunub
- DTX-nin keçirdiyi xüsusi əməliyyatın detalları
- Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törədən şəxslər saxlanıldı - Baku TV
- Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törədən şəxslər saxlanıldı - CANLI
- Erkən nikahlar gələcəkdə hansı faciələrə səbəb olur? | Ekspertlərdən açıqlama
- 1 milyon manatı mənimsəyənlərə ağır cəza | Məhkəmədə nələr yaşandı?
