İlham Əliyev amerikalı jurnalistin ölümü ilə bağlı başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev məşhur jurnalist Tomas Qoltsun vəfatı ilə bağlı mərhumun ailəsinə başsağlığı verib.
Mətndə deyilir: “Məşhur jurnalist, yazıçı, publisist, Azərbaycanın böyük dostu Tomas Qoltsun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Tomas Qolts uzun illərdən bəri jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə böyük nüfuz qazanmış, dərin araşdırmaları, hərtərəfli, qərəzsiz təhlilləri və məqalələri ilə “qaynar” münaqişə nöqtələrində sülhə və barışığa nail olunmasına töhfə vermişdir.
Tomas Qolts Azərbaycanın böyük dostu idi. O, Azərbaycana dəfələrlə səfər etmiş, ölkəmizin ən əhəmiyyətli tarixi anlarına şahidlik etmişdir. Tomas Qolts 1992-ci ilin fevralında Xocalı soyqırımından sonra faciə ilə bağlı dünya ictimaiyyətinə məlumatları çatdıran ilk jurnalistlərdən idi. Onun artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalələrin, kitabların və çəkdiyi filmlərin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz töhfəsi olmuşdur.
Tomas Qoltsun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə aralarında mövcud olmuş hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tuturam. Onunla görüşlərimi və söhbətlərimi və xüsusilə də bu ilin mayında Şuşadakı görüşümüzü həmişə ən xoş təəssüratlarla xatırlayıram. Tomas Qoltsun parlaq xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanımla birlikdə ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.
#Tomas Qolts teqi istifadə olunub
