XİN Xocalı ilə bağlı bəyanat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilən Xocalı soyqırımından 32 il ötür.
Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanatında belə deyilir.
"Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti, Azərbaycan ərazilərinin işğalı zamanı Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və digər yaşayış məntəqələrində törədilən insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Bu qəbildən ən dəhşətli qətliamlardan biri Xocalı şəhərinin sakinlərinə qarşı törədilib.
Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edilib. İşğal nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1 275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyi bu günədək naməlum olaraq qalır.
Heç bir hərbi zərurət olmadan dinc azərbaycanlıların yaşadığı Xocalı şəhərinə ağır hərbi texnikanın tətbiqi, mülki əhaliyə qarşı törədilən vəhşiliklərə dair istintaq materialları, şahidlərin ifadələri, habelə Ermənistanın Xocalı soyqırımı zamanı müdafiə naziri olan sabiq prezidenti Serj Sarkisyanın “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” etirafı, törədilən qətliamın təsadüfi olaraq deyil, məhz soyqırımı cinayəti kimi Ermənistan tərəfindən öncədən planlaşdırılaraq bu ölkənin tabeliyində olan qüvvələr tərəfindən icra olunduğuna dair heç bir şübhə doğurmur.
Bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır. Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, Xocalı soyqırımı qurbanlarına vəfa borcudur. Faciənin 32-ci ildönümündə Ermənistanın etnik nifrət və soyqırımı cinayətlərinin, o cümlədən Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Allah rəhmət eləsin!", – deyə XİN-dən bildirilib.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
