#Arda Turan
Arda Turan - Barselona keçmiş futbolçusu, Şaxtyor Donetskin baş məşqçisi
Arda Turan 1987-ci il yanvarın 30-da İstanbulda anadan olub. Türk keçmiş futbolçusu və məşqçisidir, oyunçu kimi əsasən sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib, sağ cinah və hücumçunun arxasında da oynaya bilirdi. İspaniya La Liqasında Atletiko Madrid və Barselona formasını geyinib, Türkiyə milli komandasında oynayıb.
Futbolçu karyerası
Turan 1997-2000-ci illərdə Altıntepsi Makelspor klubunda oynayıb. 2000-ci ildə 12 yaşında Qalatasaraya keçib və 2005-ci ilə qədər klubun akademiyasında çıxış edib. Əsas komandada ilk rəsmi oyununu 2005-ci il yanvarın 22-də Türkiyə Kubokunda Bursaspora qarşı keçirib, Super Ligada isə 2006-cı il avqustun 13-də Qalatasarayın Kayserisporu 4:0 məğlub etdiyi oyunda debüt edib. 22 yaşında, 2009/10 mövsümünün əvvəlində Qalatasarayın kapitanı olub. Barselona ilə La Liqa, İspaniya Kuboku, İspaniya Superkuboku, UEFA Superkuboku və FİFA Klublararası Dünya Kuboku qazanıb. 2018-ci ilin yanvarında iki yarım mövsümlük İstanbul Başakşehirə icarəyə verilib. 2020-ci ildə Qalatasaraya qayıdıb, 2022-ci ildə, 35 yaşında oyunçu karyerasını bitirib. O vaxt GS TV-yə müsahibədə “Qalatasaray camiəsinə hər cür haqqımı halal edirəm” deyib və bir gün oynadığı komandaların məşqçisi olmaq istədiyini bildirib.
Eyüpspor dövrü
Turan məşqçilik karyerasına Eyüpspordan başlayıb. 2023-cü il aprelin 14-dən 2025-ci il mayın 25-dək klubu idarə edib, Vikipediyaya görə 84 oyunda 45 qələbə, 14 heç-heçə və 25 məğlubiyyət qeydə alınıb. 2023/24 mövsümündə Eyüpspor 1-ci Liqanı birinci tamamlayaraq tarixində ilk dəfə Trendyol Super Liqaya yüksəlib. Turan Tivibu Spor-a müsahibədə oyunçuların Eyüpspora “bank” və ya “son dayanacaq” kimi baxmasından narahat olduğunu söyləyib.
Şaxtyor Donetsk
2025-ci il mayın 27-də Ukraynanın Şaxtyor Donetsk klubu Turanın baş məşqçi təyin edildiyini elan edib, müqavilə 2027-ci ilin yayına qədər imzalanıb. Turan sosial şəbəkə səhifəsinin bioqrafiyasından “Sadəcə Qalatasaray” ifadəsini silib və Şaxtyoru əlavə edib.
Məqsədləri
Turan müsahibələrində Qalatasarayın çocukluk sevdası olduğunu və məşqçilik arzusunun həm Qalatasarayı, həm də milli komandanı idarə etmək olduğunu bildirib. Fatih Terim barədə “böyük insandır, hər zaman yenilikləri izləyən məşqçidir” deyib.