Göyçay rayonu Kür-Araz ovalığında, Aran iqtisadi rayonu tərkibində olmaqla, şimal-şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş inzibati rayonları ilə həmsərhəddir. Sahəsi 736 kv.km, əhalisi 122 512 nəfərdir. Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 km-də, Ucar dəmiryolu stansiyasından 18 km məsafədə yerləşir.
Adın mənşəyi və tarixi
"Göyçay" əsl türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy rənginə çaldığına görə belə adlandırılmışdır. Bəzi tarixi mənbələrə görə rayonun əhalisi əsasən XV əsrdə Türkiyədən köçmüş Qaraman rəhbərliyinin əhalisi hesabına formalaşmışdır. 1859-cu ildə Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlamışdır. 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı, 1916-cı ildən isə qəza mərkəzi şəhər adlandırılmışdır.
Tarixi abidələr
Rayonun ilkin arxeoloji tapıntıları IV-VII əsrlərə aid tunc, qızıl və gümüşdən hazırlanmış bəzək əşyalarından və VIII əsrə aid gümüş pullardan ibarətdir. Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş Surxay qalası, İnçə və Ərəbcəbirli kəndlərində tapılmış eramızdan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir.
Narçılıq ənənəsi və Nar bayramı
Nar bayramında Göyçay rayonunun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Narçılıq Göyçayın əsas kənd təsərrüfatı ənənəsinə çevrilmiş, rayon bu sahədə Azərbaycanda xüsusi yer tutmaqdadır. Rayonun cənubunda pambıq, çəltik, üzüm bağları üstünlük təşkil edir, yeni meyvə bağları da salınır.
