#Hərbi Prokurorluq
icon

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu müstəqillik dövründə formalaşmış hüquq-mühafizə qurumudur. SSRİ dövründə respublika ərazisindəki hərbi prokurorluqlar Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Prokurorluğuna tabe idilər. SSRİ dağıldıqdan sonra həmin prokurorluqlar ləğv edildi və müstəqil Azərbaycan Respublikasının hərbi prokurorluq orqanları yaradılmağa başlandı. Hüquqi baza kimi 18 oktyabr 1991-ci il tarixli Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı əsas götürüldü. Milli Məclisin 21 may 1992-ci il tarixli qərarı ilə "Hərbi prokurorluqlar haqqında" Qanun qəbul edildi.

Struktur inkişafı

Müstəqillik illərində Hərbi Prokurorluq sisteminin strukturunda bir sıra dəyişikliklər baş vermişdir. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Daxili Qoşunlar, Sərhəd Qoşunları hərbi prokurorluqları, İxtisaslaşdırılmış Hərbi prokurorluğu və Abşeron Hərbi prokurorluğu yaradılmış, sonradan ləğv edilmişdir. Hazırda fəaliyyət istiqamətlərinin hüquqi bazasını 1995-ci il Konstitusiyası, 7 dekabr 1999-cu il tarixli "Prokurorluq haqqında" Qanun, 29 iyun 2001-ci il tarixli "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanun və digər normativ aktlar təşkil edir.

Azad edilmiş ərazilərdə yeni prokurorluqlar

Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2021-ci il tarixli 2560 nömrəli Sərəncamı ilə işğaldan azad edilmiş Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkili məqsədilə yeni Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradılmışdır.

Mövcud struktur

Hal-hazırda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan, Bakı, Qubadlı, Kəlbəcər, Sumqayıt, Gəncə, Şəmkir, Tərtər, Ağdam, Füzuli, Lənkəran və Zaqatala hərbi prokurorluqları fəaliyyət göstərir. Hərbi Prokurorluq Azərbaycan Respublikasının Baş Prokurorluğu sisteminin ayrılmaz tərkib hissəsidir və hərbi qanunçuluğun möhkəmləndirilməsi, silahlı qüvvələrdə cinayətkarlığa qarşı mübarizə bu qurumun əsas vəzifə istiqamətlərini təşkil edir.