Nadir Zeynalov - Azərbaycan səhiyyə nazirinin müavini, cərrah
Nadir Azər oğlu Zeynalov 1976-cı il oktyabrın 24-də Bakıda ziyalı ailəsində anadan olub. Cərrah, tibb elmləri namizədi və dosentdir. 2022-ci il fevralın 3-dən Azərbaycan Respublikasının səhiyyə nazirinin müavinidir.
Təhsili
Orta təhsilini Bakı şəhərinin 20 nömrəli məktəbində alıb. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Elmi və akademik fəaliyyəti
Bitirdikdən sonrakı əmək fəaliyyəti Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası ilə bağlı olub: 1999-2001-ci illərdə klinik ordinator, 2001-2004-cü illərdə aspirant, 2005-2013-cü illərdə assistent, 2013-cü ildən həmin kafedranın dosenti işləyir. 2006-cı ildə tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru) elmi dərəcəsi, 2021-ci ildə “Cərrahlıq” ixtisası üzrə dosent elmi adı alıb. 2023-cü ilin sentyabrından universitetin yeni yaradılmış Təcili tibb kafedrasının müdiri vəzifəsini ictimai əsaslarla icra edir.
İdarəetmə karyerası
2015-ci ildən başlayaraq inzibati vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il fevralın 3-dəki sərəncamı ilə səhiyyə nazirinin müavini təyin olunub.