13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının üzərində əlavə mərtəbələrin inşa edildiyi bildirilir. Binanın dam hissəsində aparılan tikinti işləri vətəndaşların narahatlığına səbəb olub.
Sakinlərin sözlərinə görə, hazırda 13 mərtəbədən ibarət olan binanın üzərində daha iki mərtəbə tikilir.
“Təxminən altı ildir burada yaşayıram. Pul verib müqavilə imzalamışam, sonra da çıxarış almışam. Mənə binanın 13 mərtəbəli olduğu bildirilib və layihə də belə təqdim edilib. Problemlə bağlı Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişik. Deyirlər ki, bu, qanunsuzdur. Ev alanda mənə deyilməmişdi ki, 13-cü mərtəbənin üstündə yenidən bina tikiləcək”, – şikayətçi Nicat Hüseynov bildirib.
“Binanın təxminən 20 sakini dam örtüyünün quraşdırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib. Bununla bağlı sənədlər də var. Ekspertiza rəyini təqdim edə bilərik. Yuxarıda inşa edilən hissələr yaşayış otaqları deyil, texniki mərtəbədir”, – “Abşeron A-1” MTK-nın mətbuat katibi Arzuman Nəbiyev deyib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Abşeron A-1” MTK tərəfindən çoxmənzilli yaşayış binasının dam örtüyünün sökülərək mansard mərtəbəsində əlavə tikinti-quraşdırma işlərinin aparılması müvafiq icazə verici sənədlər əsasında həyata keçirilib.
Lakin qeyd olunan ünvanda təkrar baxış zamanı ekspertizadan keçmiş layihədən kənara çıxılmaqla, çardaq tipli dam örtüyünün əvəzinə metal konstruksiyalardan istifadə edilməklə əlavə tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilib.
Aparılan işlərə dair müvafiq icazə verici sənədlər təqdim edilmədiyindən məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti üzrə rəsmi müraciət olunub.
#Xırdalan teqi istifadə olunub
- Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV
- “Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV
- Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV
- Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
