“13 yaşlı qızım da qoşulub” | Azyaşlılara görün necə əxlaqsız təkliflər etdilər - Baku TV
Sosial şəbəkələrdə “evdən çıxmadan pul qazan”, “asan gəlir” tipli elanlar son vaxtlar geniş vüsət alıb.
İlk baxışda adi onlayn iş kimi görünən bu platformaların bəzilərinin gənc və yeniyetmə qızları əxlaqsızlığa sövq etdiyi iddia olunur.
Belə ki, “Sugo” adlı proqramda qeydiyyatdan keçdikdən dərhal sonra istifadəçiyə çoxsaylı mesajlar gəlməyə başlayır.
İlk başda bunun avtomatik bot sistem olduğu düşünülsə də, sonradan qarşı tərəfin real insan olduğu anlaşılır. Bir müddət sonra proqram söhbəti davam etdirmək üçün istifadəçidən müəyyən məbləğ tələb edir.
Mövzu ilə bağlı danışan valideynlərdən biri qızının belə platformalardan birinə qoşulduğunu sonradan öyrəndiyini deyib:
“Qızıma “TikTok” üzərindən iş təklifi gəlib. Heç nədən xəbəri olmayan 13 yaşlı uşağı “Sugo” adlı proqrama qoşublar. Bir qrup yaradıblar, içində isə 26 azyaşlı qız olub. Onlara gecə saatlarından sonra kişilərlə yazışmaq tapşırılırdı. Uşaqlardan nömrə, şəkil istəyirlər, hətta əxlaqsız təkliflər də olunur”.
Mütəxəssislər bildirirlər ki, şəxsi məlumatların paylaşılması, bank kartı və ya sosial şəbəkə hesablarının əlaqələndirilməsi ciddi təhlükələr yarada bilər.
Onların sözlərinə görə, iri sosial şəbəkələr müəyyən audit və nəzarət mexanizmlərinə malik olsa da, mənşəyi bilinməyən tətbiqlərin hansı ölkəyə və ya şirkətə aid olduğu əksər hallarda məlum olmur. Bu isə sonradan hüquqi məsuliyyət məsələsini çətinləşdirir.
Qeyd edək ki, hazırda bu mövzu ətrafında polis əməkdaşları tərəfindən araşdırma aparılır.
