Bakıda dəhşətə gətirən cinayət | Bacı qatilinə hansı cəza verildi?
Bakıda bacısını qəsdən öldürməkdə ittiham edilən Təbriz Qasımovun cinayət işi üzrə yekun proses keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən son prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənin 16 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm oxunaraq Təbriz Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin iyulun 1-də Binəqədi rayonunda baş verib. Binəqədi Rayon Prokurorluğunun məlumatına görə, 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi ilə əlaqədar araşdırma başladılıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Təbriz Qasımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
