"Gecə 3-dür, burada nə bazar açmısınız?!" | Restoran səsi sakinləri ayağa qaldırdı - Baku TV
Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 107 ünvanında yaşayan sakinlər ərazidə fəaliyyət göstərən “Elit Pub” adlı obyektin yaratdığı səs-küydən narazıdırlar.
Sakinlərin sözlərinə görə, xüsusilə gecə saatlarında obyektdən gələn yüksək musiqi səsi onların istirahətinə mane olur.
Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
“Səs evə qədər gəlir. Elə bil evin içi diskotekadır. Yaşadığım ev üçün ömrümü qoymuşam. Bu yaşımda evimdən didərgin düşməliyəm?!”, – deyə sakin narazılığını dilə gətirib.
Sakinlərin iddiasına görə, bəzi günlərdə obyektdəki yüksək səs gecə saat 3-4-ə qədər davam edir.
“Gecə saat 4-də aşağı düşüb saatı göstərmişəm. Demişəm ki, burada nə bazar açmısınız?! Ad günü, məclis adı ilə üzr istəyiblər”, – deyə şikayətçi bildirib.
