Kimsəsizəm deyə qızı vermirdilər, toyumda 6 nəfər var idi - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında internat məktəbində böyüyən Alim Həşimov öz həyat hekayəsini danışıb.
Onun sözlərinə görə, anası vəfat edib, atası ilə əlaqəsi isə kəsilib.
5 bacı-qardaşı olan Alim söyləyib ki, digər üç qardaşı da uşaq evində böyüyüb. Bacılarına isə anasının vəfatından sonra qonşuları baxıb, daha sonra onlar ailə qurublar.
Hazırda fəhləlik edərək ailəsini dolandırmağa çalışan Alimin iki övladı var. Onlardan biri hidrosefaliya xəstəsidir.
2019-cu ildə ailə həyatı quran Alim deyir ki, evləndiyi xanımın ailəsi onu kimsəsiz olduğu üçün çətinliklə qəbul edib:
“Çox işləyirdim ki, nişana qızıl ala bilim. Toyda oğlan evindən cəmi 5-6 nəfər var idi”.
Ailəsi ilə birlikdə şəraitsiz vəziyyətdə kirayədə yaşayan Alim köməyə ehtiyacları olduğunu bildirir.