Mismar üzərində müalicə ilə həyatları dəyişdi | Sadhu terapiyası nədir?
Baku TV-də Sadhu terapiyası haqqında reportaj yayımlanıb.
Bildirilib ki, Sadhu terapiyası Hindistanda yaranan qədim müalicə üsuludur. Bu unikal terapiya zehni və emosional tarazlığı bərpa etmək, stresin öhdəsindən gəlmək, yaradıcılığı artırmaq və ümumi rifahı yaxşılaşdırmaq məqsədi daşıyır.
Ustadlar terapiyaya maraq göstərənlərə meditasiya, nəfəs nəzarəti və yoqa kimi üsullardan istifadə edərək dərin daxili təcrübə təklif edirlər. Bu terapiyadan istifadə etmək istəyənləri isə bir neçə sual maraqlandırır.
Maraqlıdır, Sadhu terapiyasının hansı özəllikləri var?
Sadhu terapevti Nərgiz Əliyeva qeyd edib ki, Hindistanda yoqilər, yəni yoqa ilə məşğul olan insanlar bir “Askeza” növü kimi ilk dəfə Sadhudan istifadə ediblər:
“Təbii ki, o zamanlar sadhu indiki halından daha fərqli idi. İndi daha dinamik sadhular var. Gündəlik həyatımızda stres, gərginlik, əsəb yaşayırıq və bunların hamısı bədəndə toplanır. Həmin nöqtələrə sadhu vasitəsilə nüfuz edirik, ağrı bədəndəki gərginliyi parçalamağa başlayır. Sadhunun üzərinə çıxanda iki dəqiqə fiziki ağrı olur və bu, normaldır. Çünki insan komfort zonadan diskomfort zonaya keçir”.
Sadhu terapevti Nailə Qəmbərli bildirib ki, bəzi insanlar sadhunun üzərinə çıxa bilməzlər:
“Məsələn, onkoloji xəstələr, əməliyyatdan təzə çıxan insanlar, epilepsiya xəstələrinə Sadhu terapiyası məsləhət görülmür. Eyni zamanda bələdçi olmadan sadhu taxtasının üzərinə çıxmağı tövsiyə etmirəm”.
Qeyd edək ki, Baku TV-nin aparıcısı da Sadhu terapiyasını sınaqdan keçirib. Taxtanın üzərinə çıxan aparıcı çətin anlar yaşayıb və bildirib ki, Sadhu terapiyası zamanı insan içindəki hər şeyi onun üzərinə tökmək istəyir.