Nömrənin yerini dəyişənlər cərimə edildi | Polis reyd keçirdi
Son zamanlar avtomobilin dövlət qeydiyyat nişanının yerini dəyişərək qanunu pozan sürücülər çoxalıb.
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, sürücülər bunu məqsədli şəkildə edirlər:
“Təbii ki, onu ora qoyanda axırıncı nömrə oxunmur. Deməli, kameradan yayınmağa hesablanmış bir addımdır və ya radarın görmə bucağını kəsən əməllərə yol verirlər. Bu da nömrəni sağ və sol küncə yapışdırmaqdan ibarətdir”.
Yol polisi belə sürücülərin qanunsuz əməllərinin qarşısını almaq üçün hərəkətə keçib. Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, dövlət qeydiyyat nişanı avtomobilin arxa və qabaq hissəsində müəyyən edilmiş yerdə bərkidilməlidir:
“Lakin təəssüflə qeyd edirəm ki, bəzi sürücülər dövlət qeydiyyat nişanlarını müəyyən edilmiş yerdə deyil, digər hissələrə bərkidirlər. Bu da xüsusi texniki vasitələrin nömrə oxuma funksiyalarına çətinlik yaradır. Bu, qayda pozuntusudur və inzibati məsuliyyət yaradır”.
Qeyd edək ki, belə sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək, qanunsuzluğa yol verənlər cəzalandırılacaq.