“Oyuncaqlarda bu əlamətlər varsa...” | Valideynlər bilmədən övladlarını necə riskə atır? - Baku TV
Nazirlər Kabinetinin təsdiqlədiyi oyuncaqların təhlükəsizliyi haqqında texniki reqlament oyuncaqların istehsalı və təhlükəsizliyi ilə bağlı bir sıra tələbləri müəyyən edir.
Qərara əsasən, üç yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlar və onların çıxarıla bilən hissələri elə ölçüdə olmalıdır ki, uşağın tənəffüs yollarına düşərək boğulma təhlükəsi yaratmasın. Eyni tələb bilavasitə qida məhsullarına bərkidilən oyuncaqlara da şamil olunur.
Qida mütəxəssisləri bildirirlər ki, oyuncaq alarkən onun tərkibinə, hazırlandığı materiala və təhlükəsizlik göstəricilərinə diqqət yetirilməlidir.
“Əgər oyuncaqların kəskin qoxusu varsa, rəngi ələ və ya ağıza çıxırsa, bu onların istehsalında kimyəvi maddələrdən istifadə edildiyini göstərə bilər. Bu da uşaqlarda toksik zəhərlənməyə səbəb ola bilər.
Valideynlərin çox vaxt diqqət yetirmədiyi məhsullardan biri də hamam oyuncaqlarıdır. Belə oyuncaqların içərisində su qala bilər ki, bu da mikroorqanizmlərin yaranmasına və çoxalmasına şərait yaradır.
Bəzən şokoladların və müxtəlif qida məhsullarının yanında oyuncaqlar olur. Valideynlər düşünürlər ki, oyuncaq qida məhsulu ilə birlikdə satılırsa, onu ağıza qoymaq və ya qida ilə təmas etdirmək təhlükəli deyil. Lakin bu, yanlış yanaşmadır”, – qida mütəxəssisi Məhsəti Hüseynova deyib.
