Qardaşına maşın alıb, 30 min borca düşən şəxs olanları danışdı - Baku TV
Baku TV-nin qaynar xəttinə müraciət edən Əhməd Əhmədzadə iddia edir ki, 2013-cü ildə qardaşı üçün öz adına rəsmiləşdirdiyi avtomobil kreditinə görə ciddi problemlərlə üzləşib.
Şikayətçi bildirir ki, 2017-ci ildə məhkumluq barədə arayış almaq üçün “ASAN xidmət” mərkəzinə müraciət edərkən onun axtarışda olduğu üzə çıxıb. O, əraziyə çağırılan polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, vətəndaşın saxlanılmasına səbəb banka olan ödənilməmiş kredit borcudur.
Əhməd Əhmədzadə bankın fəaliyyətindən narazılığını belə ifadə edib:
“Bank ödəniş gecikdiyi üçün avtomobili qardaşımdan alaraq hərracda satıb. Hazırda məndən 29 200 manat qalıq borc tələb olunur. Maşın hərraca çıxarılmazdan əvvəl rəsmi xəbərdarlıq olunmalı idi. Mənə seçim imkanı verilməli idi: ya borcu ödəyib maşını götürməli, ya da satışa rəsmi razılıq verməli idim. Bank maşını öz yaxınlarına ucuz qiymətə satıb, indi isə yerdə qalan məbləği mən niyə ödəməliyəm?!”.
