Qazaxıstandan keçmiş köçkünlərə hədiyyə
Bu gün işğaldan azad edilən Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən inşa olunacaq “Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişaf Mərkəzi”nin təməlqoyma mərasimi keçirilib.
Tədbirdə Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstanın Azərbaycandakı səfirliyindən nümayəndələr, layihəni həyata keçirəcək icraçı şirkətin səlahiyyətli şəxsləri iştirak ediblər.
Layihəyə əsasən, incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar ərazidə yerləşəcək. Tikili sahəsi 2708 kvadrat metr, 2 mərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla növbəli şəkildə 600 nəfər şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulub. Burada şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır.