"Atamdan gizlətdim ki, söz-söhbət olmasın" | "Validə Sultan" və "Şah"ın başına nələr gəlib?
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışının qonaqları “Şah” ləqəbli bloger Abdulşah Məmmədov və sosial mediada “Valide Sultan” kimi tanınan anası Arzu Məmmədova olub.
Qısa müddətdə minlərlə insanın rəğbətini qazanan ana-oğul hazırda sosial şəbəkələrdə böyük maraqla izlənilir.
Abdulşah bildirib ki, anasını əvvəlcə qısa videolarda çəkib, lakin onun bu qədər seviləcəyini gözləməyib:
“Anamla ilk dəfə bir video çəkdim. Amma izləyicilər tərəfindən bu qədər seviləcəyini gözləmirdim. Sonra düşündüm ki, əgər insanlar onu bu qədər sevirlərsə, birlikdə daha çox video çəkək”.
Arzu xanım çəkilişlərdəki təbiiliyindən və reklam təkliflərinə qarşı nümayiş etdirdiyi prinsiplərdən söz açıb:
“Mən evdə necəyəmsə, çəkilişdə də elə davranıram, yalandan rola girə bilmərəm. Bəzən elə məkanlar olur ki, nə davranış xoşuma gəlir, nə də yeməklər. Belə olanda yalandan tərifləyə bilmirəm”.
Abdulşah anasının keçmişdə onun təhsili üçün göstərdiyi fədakarlıqlardan bəhs edərək hazırda ən böyük hədəfinin onu xoşbəxt etmək olduğunu vurğulayıb:
“Sumqayıta yeni köçəndə anam məni oxutmaq üçün şirniyyat evində gündəlik 10 manata xadimə işləyirdi. Sonra bu işin bütün sirrlərini öyrəndi, öz biznesini qurdu. Blogerliyə başlamazdan əvvəl mənə dedi ki, artıq özümü xanım kimi hiss etmək istəyirəm. İndi bir övlad olaraq anama istədiyi həyatı yaşatdığım üçün qürur duyuram”.
