SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirildi
SOCAR-ın baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə SOCAR-ın məsul şəxsləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və 22 QHT nümayəndələri iştirak ediblər.
SOCAR-ın Sosial məsuliyyət departamentinin rəis müavini Mirsahib Musayev departamentin fəaliyyətindən, qarşıya qoyulan hədəflərdən, o cümlədən vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi üzrə nəzərdə tutulan tədbirlər haqqında ətraflı məlumat verib.
İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Mahal Mehdiyev SOCAR-da işə qəbul prosesi barədə danışıb. Mahal Mehdiyev SOCAR-da işə qəbulun əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq, müsabiqə yolu ilə həyata keçirildiyini diqqətə çatdırıb.
Daha sonra SOCAR-ın Biznes etikası və antikorrupsiya şöbəsinin rəisi Teymur Əliyev şirkətin yeni “Biznes etikası və davranış” kodeksindən bəhs edən təqdimatla çıxış edib.
Tədbir sual-cavab sessiyası ilə davam etdirilib.