"Toz əlindən göz gözü görmür" | Xırdalanda təhlükə saçan sex sakinləri özündən çıxardı - Baku TV
Abşeron rayonunun Xırdalan şəhəri, Seyid Əzim Şirvani küçəsində yaşayış evlərinin yaxınlığında fəaliyyət göstərən daş emalı sexi sakinlərin narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, sexdə daşların kəsilməsi və emalı zamanı ətrafa külli miqdarda xırda toz hissəcikləri və daş qırıntıları yayılır.
Onlar bildirirlər ki, toz küçə ilə yanaşı, evlərin həyətlərinə, eyvanlarına, pəncərələrinə və hətta evlərin içinə qədər yayılır.
Vətəndaşlar həmçinin daş qırıntılarının avtomobillərin üzərinə düşdüyünü, nəqliyyat vasitələrinin şüşələrini cızdığını, bəzi hallarda isə şüşələrin qırılmasına səbəb olduğunu iddia edirlər.
Ərazidə yaşayanlar xüsusilə küləkli havalarda vəziyyətin daha da ağırlaşdığını deyirlər. Onların sözlərinə görə, bu zaman toz daha geniş əraziyə yayılır.
Sakinlər problemlə bağlı dəfələrlə narazılıqlarını aidiyyəti qurumlara çatdırdıqlarını, lakin məsələnin hələ də həllini tapmadığını bildirirlər.
