“Xüsusi proqramlarımız var” | ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri - Baku TV
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib.
Tədbirdə bildirilib ki, Mərkəzin əsas məqsədi “ASAN xidmət”də formalaşan peşəkarlığın, yüksək xidmət keyfiyyətinin, şəffaflığın, vətəndaşyönümlü idarəetmə prinsiplərinin insan kapitalının inkişafı məqsədilə dövlət və özəl sektorda sistemli tətbiqidir.
Qeyd olunub ki, ötən dövr ərzində 350-dən çox şirkət, qurum və təşkilatla əməkdaşlıq çərçivəsində 35 mindən çox işgüzar şəxs üçün 850-dən çox müxtəlif istiqamətli tədbir təşkil olunub. 150-dən çox mövzuda keçirilən tədbirlərdə 6 innovativ təlim metodundan istifadə olunub və təlimlərdən məmnunluq göstəricisi 96,4 % təşkil edir.
Həmçinin “ASAN xidmət” brendinin ixrac olunduğu ölkələrdə də bu model əsasında xidmətin təşkili, vətəndaş məmnunluğunun və yumşaq bacarıqların inkişafı istiqamətində təlimlər keçirilir.
Tədbir çərçivəsində eyni zamanda “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlığın davamı məqsədilə Anlaşma Memorandumu imzalanıb.
