24 saat ərzində... | İsrail Ordusu "Hizbullah"a qarşı cavab əməliyyatı keçirdi
Livanın “Hizbullah” hərəkatının döyüşçüləri ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki Baş Qərargahının ərazisinə bir qrup pilotsuz uçuş aparatı ilə hücum ediblər.
Bu barədə “Hizbullah” məlumat yayıb.
Qeyd olunur ki, qruplaşma üzvləri həmçinin Təl-Əvivdə İsrail Baş Qərargahı və Hərbi Hava Qüvvələri Komandanlığının qərargahının da yerləşdiyi Hakirya bölgəsinə kamikadze dronlarla hücum ediblər.
İsrail Ordusu isə son 24 saat ərzində Livan və Qəzza zolağında “Hizbullah” və HƏMAS-ın 120-dən çox hədəfinə hücum edib. Bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
“Qəzza zolağında HƏMAS-ın bir dəstəsi məhv edilib, onların arasında 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumda iştirak edən təşkilatın silahlısı Yasər Qəndi də var”, – deyə məlumatda vurğulanıb.
Bildirilib ki, bundan başqa, Livanın cənubunda quru əməliyyatı zamanı yaşayış və kommunal otaqların yerləşdiyi yeraltı tunel aşkar edilib.