Bütün dünyanı doyuzduracağıq | Rekordlar kitabına düşən inəyin baxıcısı
Braziliyada inəklərin sayı insanların sayından çoxdur. Amma 235 milyon mal-qaranın arasından yalnız biri öz görünüşü ilə digərlərindən fərqlənir.
Fermada yaşayan və 4,2 milyon dollar dəyəri olan “Viatina-19” adlı bu inək süd kimi ağ rəngi və iri bədəni ilə seçilir. Təhlükəsizliyi müşahidə kameraları ilə qorunan heyvan indiyədək hərraclarda satılan ən bahalı inək kimi “Ginnesin Rekordlar Kitabı”na da düşüb.
“Düşünürəm ki, bu inək hər kəsin axtarışında olduğu genetik inkişafa töhfə verib. Onun sayəsində biz gələcəkdə daha keyfiyyətli ətə və məhsuldarlığa malik bir heyvana sahib olacağıq. Qeyd edim ki, biz elit mal-qaranı kəsmirik, onları yetişdiririk. Bu inək vasitəsilə bütün dünyanı doyuzduracağıq. Onun məşhurluğu yalnız Braziliya sərhədləri ilə məhdudlaşa bilməz. Əgər o, dünyanın ən yaxşısıdırsa, biz onu bütün dünya ilə paylaşmalıyıq. Biz onun genetikasını gələcək nəsillərə ötürmək fikrindəyik və bunu xaricə ixrac etməyin yolunu da axtarmağa davam edəcəyik”, – deyə inəyin baxıcısı Ney Pereyra bildirib.
Qeyd edək ki, hazırda həmin canlı balalamağa hazırlaşır. Sahibi onun yumurta hüceyrələrini Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və ABŞ-yə ixrac etmək niyyətindədir.