Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyət barədə vacib telefon danışığı
ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Cənubi Qafqazda sülhün bərqərar olunmasını müzakirə edib.
Bu barədə Dövlət Departamentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, E.Blinken telefon danışığında oktyabrın 23-də Ankarada baş verən terror aktı ilə əlaqədar türkiyəli nazirə başsağlığı verib.
“Onlar həmçinin qarşılıqlı əlaqələrin regionda hamı üçün faydalı olacağı ilə yanaşı, Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər”, – deyə məlumatda bildirilir.
Tərəflər Livandakı son hadisələri, habelə Qəzzanın şimalındakı humanitar vəziyyəti də müzakirə edib. Türkiyə xarici işlər naziri Qəzzanın şimalındakı vəziyyətin fəlakət miqyasına çatdığına diqqət çəkərək ora humanitar yardımların aramsız şəkildə çatdırılmasının önəminə toxunub.
Hakan Fidan həmçinin Qəzzada atəşkəsin elan olunmasının və İsrailin Livana qarşı hücumlarının dayandırılmasının vacibliyini vurğulayıb.