Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb
Misirin İsgəndəriyyə şəhərinin Şərq limanında aparılan sualtı arxeoloji qazıntılar zamanı qədim dünyanın yeddi möcüzəsindən biri hesab olunan İsgəndəriyyə mayakının təsviri həkk edilmiş bürünc möhür üzük aşkarlanıb.
Misirli mütəxəssislərin bildirdiyinə görə, bu, mayakın möhür üzərində indiyədək aşkar edilmiş ilk təsviridir.
Üzük qədim kral adasının su altında qalmış ərazisində tapılıb. Bu ərazi vaxtilə İsgəndəriyyənin kral məhəlləsinin bir hissəsi olub. Üzərindəki mayak təsviri eramızın II əsrinə aid bəzi Roma sikkələrindəki təsvirlərlə oxşarlıq təşkil edir.
Arxeoloqlar hesab edirlər ki, tapıntı kral sarayının sonrakı dövrlərdə də inzibati məqsədlərlə istifadə olunduğuna dair yeni ipucu verə bilər. Hətta bu fəaliyyətin mayakın idarə olunması ilə əlaqəli olması ehtimal edilir. Lakin bu versiya hələlik yalnız ehtimaldır.
